bazar ertəsi 28 sentyabr 2026 - 23:16
Ailə xatirələrindən ayrılıq günlərinə qədər: Şəhid Seyid Həsən Nəsrullahın həyatına qardaşının dilindən baxış

Hövzə / Şəhid Seyid Həsən Nəsrullahın qardaşı Seyid Məhəmməd Əbdülkərim Nəsrullah müsahibəsində möhtərəm qardaşının həyatının insani və ailəvi aspektlərindən söz açıb. O, uşaqlıq illərinə və ailə məclislərinə dair xatirələrini bölüşərək, şəhid Seyid Həsən Nəsrullahın qohumluq əlaqələrinin qorunmasına və ailə birliyinə hər zaman xüsusi önəm verdiyini vurğulayıb, onun yoxluğundan sonra ailədə baş verən dərin dəyişikliklərdən danışıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, şəhid Seyid Həsən Nəsrullahın şəhadətindən iki il ötüb. Qardaşlarının gözündə o, haqqında belə nadir hallarda danışılan yüksək insani keyfiyyətlərə malik bir lider idi. Ailə və ailənin böyükləri ilə əlaqələri qoruyub saxlayan bir qardaş idi. O, insanların yaddaşında yaşayan bir şəxsiyyət, minbərlərin tanıdığı bir rəhbər, müqavimət dolu çıxışları ilə insanların yaddaşında iz qoyan bir natiq idi. Lakin onun milyonlarla insanın bilmədiyi başqa bir yəni, daha yaxın və daha şəxsi bir siması da var. Bu, bir qardaşın, bir övladın, uşaqlıq dostunun və ailəsi ilə həyatın bütün xırdalıqlarını bölüşən bir insanın simasıdır. Bu xırdalıqlar isə onun əzizlərinin qəlbində əbədi yaşayacaq.

“Əl-Əhd” xəbər saytı ilə söhbətində ümmətin böyük şəhidi Seyid Həsən Nəsrullahın qardaşı Seyid Məhəmməd Əbdülkərim Nəsrullah xatirə dəftərinin səhifələrini açır. Biz evə, valideynlərinin yanına, uşaqlıq və gənclik illərinə, Bəzzuriyyə və Şiyah məhəllələrinə, ailə məclislərinə, bayramlara, telefon zənglərinə və onun vəfatından sonra geridə qalan kiçik xatirələrə qayıdırıq. Biz gülüşü, zarafatları və ailəsi üçün narahatlığı onunla eyni evdə və həyatda yaşayan insanların qəlbində canlı olaraq qalan bir insandan danışırıq.

Aşağıda Seyid Məhəmməd Nəsrullah ilə eksklüziv söhbəti təqdim edirik:

1. Xalqın lider, natiq və simvol kimi tanıdığı Seyid Həsən Nəsrullahın şəhadətindən iki il ötür. "Seyid Həsən Nəsrullah” obrazını bizim üçün necə təsvir edərdiniz?

Bizim üçün o, hər şeydən əvvəl Seyid Nəsrullah, baş katib və ya insanların tanıdığı şəxsiyyət deyil, birlikdə böyüdüyümüz, uşaqlıq illərimizi, çörək tikəmizi və ailə xatirələrimizi paylaşdığımız qardaşımız idi. Bizim Seyid Həsən Nəsrullahdan fərqli bir təsəvvürümüz var, evin içində sadə bir insan obrazı. O, qardaşları ilə zarafat edirdi və xalq üçün narahat olduğu kimi, ailənin qayğılarını da çəkirdi. Böyük məsuliyyətlərinə baxmayaraq, bizim həyatımızın kiçik təfərrüatlarından da xəbərdar idi.

O, bizim üçün həm dayaq, həm rahatlıq mənbəyi, eyni zamanda heybət sahibi idi. İllər keçdikcə onun məsuliyyətləri daha da artırdı və nəhayət, bütün dünya onu tanıdı. Lakin ailənin daxilində o, bizim üçün yenə də səsini, gülüşünü və hal-əhvalımızı necə soruşduğunu tanıdığımız həmin qardaşımız olaraq qaldı. Məsuliyyətləri onu nə qədər uzaqlaşdırsa da, bizi özünə yaxın hiss edən biri idi. Bəlkə də bu gün onun yoxluğunun ən çətin tərəfi budur: İnsanlar böyük bir lideri itirdilər, biz isə yerini heç kimin doldura bilməyəcəyi bir qardaşı itirdik.

2. Onun üçün ən çox hansı məqamlarda darıxır və yoxluğunu hiss edirsiniz?

Mən onun yoxluğunu böyük tədbirlərdən daha çox kiçik təfərrüatlarda hiss edirəm. Ailə məclisində bir araya gələndə və onun səsini eşitməyəndə və ya elə bir hadisə baş verəndə ki, bilirəm, o, mütləq bu barədə məndən soruşardı, istər-istəməz öz-özümə deyirəm: “Kaş burada olaydı, mütləq bu məsələ barədə soruşardı.” Əsl yoxluq yalnız onu görməməyimizdən ibarət deyil, əsl yoxluq ondadır ki, onun iştirakını görməyə alışdığımız məkanlar, zamanlar və məqamlar var idi, amma indi görürük ki, o, artıq qapıdan içəri daxil olmayacaq. Ən ağrılı tərəf isə budur ki, insan qardaşının varlığına alışır və heç vaxt elə bir günün gələcəyini düşünmür ki, onunla görüşmək üçün yeganə vasitə xatirələr olsun.
 

3. Seyid Həsənlə uşaqlıq dostluğunuz və gənclik illərinin xatirələri barədə nə deyə bilərsiniz?

Hər birimizin həyatını öz məsuliyyətləri istiqamətləndirməmişdən əvvəl bizim ortaq həyatımız var idi. Uşaqlıq, yeniyetməlik və gənclik mərhələlərini birlikdə keçmişik. Dostluq dövrünü, zarafatları, oyunları, bəzən tezliklə başa çatan kiçik fikir ayrılıqlarını və bütün bu xatirələri birlikdə paylaşmışıq. Həmin dövrün ən gözəl tərəfi bu idi ki, Seyid hələ insanların tanıdığı məşhur şəxsiyyət deyildi. O da bizim kimi bir qardaş idi. Evdə, məhəllədə və həmçinin kənddə bizimlə yaşayırdı və öz arzuları, qayğıları və maraqları olduğu kimi, bizim aramızda da idi.

Qəlbimizdə həkk olunmuş xatirələrdən biri bütün məsuliyyətlərdən və sonradan baş verəcək hadisələrdən uzaq şəkildə bir araya gəldiyimiz günlərdir. Həmin illər haqqında düşünəndə hiss edirəm ki, biz elə bir zamanda yaşayırdıq ki, onun dəyərini yalnız xatirəyə çevrildikdən sonra anlayırıq.

4. Seyid valideynlərinin evində necə idi?

Valideynlərinin evində o, öz təbii halına qayıdırdı. Ev onun üçün rahatlıq və təhlükəsizlik məkanı idi. Burada lider və məsul şəxs deyil, qardaş və övlad ola bilirdi. Valideynlərinə çox böyük hörmət bəsləyir və daim evdəki ehtiram və səmimiyyət mühitinin qorunmasına çalışırdı. Qardaşlarının arasında olması eyni zamanda bir növ rahatlıq və heybət hissi yaradırdı. Hətta az danışdığı zaman belə, onun varlığı öz-özlüyündə rahatlıq bəxş edirdi. Böyük məsuliyyətlərinin ağırlığına baxmayaraq, bizim aramızda oturub çox adi məsələlər barədə danışa bilməsi olduqca gözəl idi; sanki evdən kənardakı dünya ümumiyyətlə mövcud deyildi.

5. Seyid Nəsrullahın valideynləri ilə bağlı xatirələri necədir? Ana və atanın iştirakı ilə hamınızın birlikdə keçirdiyi bir məclisdən xatırladığınız hər hansı səhnə varmı?

Yaddaşımda qalan ən gözəl hadisələrdən biri hamımızın valideynlərimizin ətrafında toplaşdığımız anlardır. Ailə məclisləri hər şeydən fərqli idi. Atamız və anamız oturardı, biz onların ətrafına toplaşardıq və Seyid Həsən həmin anlarda qardaşlarının arasında bir övlada çevrilərdi. Anasının onun qəlbində çox xüsusi yeri var idi və ona bağlılığı, eləcə də anasının razılığını qazanmaq üçün göstərdiyi səy tamamilə aydın görünürdü. Atasına da xüsusi məqam və hörmət bəsləyir, həmişə onun sözlərinə qulaq asırdı.

Nə qədər çalışsaq da, həmin məclisləri sözlərlə təsvir etmək mümkün deyil. Yaddaşımızda qalan ən səmimi mənzərə budur: Övladlarının ətrafında toplandığı ata və ana. Bu gün isə həm ata və ana, sonra da Seyid Həsən dünyadan köçdükdən sonra hiss edirəm ki, bizi bir araya gətirən həmin evin böyük bir hissəsi artıq yalnız yaddaşımızda qalıb.

6. Seyid Həsən və digər qardaşlarının Bəzzuriyyədəki ortaq xatirələri nələr idi?

Bəzzuriyyə və ya Şiyah bizim üçün sadəcə bir məkan deyil, ailə yaddaşımızın bir hissəsidir. Orada başqaları üçün bəlkə də heç bir məna daşımayan, lakin bizim üçün illəri özündə yaşadan kiçik təfərrüatlar var: evlər, küçələr, görüşlər, qohumlarla görüşlər və ailə ilə birgə oturmaq. Biz həyatı öz sadəliyi ilə yaşayırdıq və Seyid Həsən həmin günlərdə bizim içimizdən biri idi. Buna görə də xatirələrimizdə Bəzzuriyyəyə qayıdanda insanların tanıdığı ictimai şəxsiyyəti xatırlamırıq. Biz həmin günləri bizimlə bölüşən qardaşı, övladı, uşağı və gənci xatırlayırıq.
 

7. Qardaşı kimi, siyasətdən, dindən və rəhbərlikdən uzaq olaraq, onun sizə daim təkrarladığı hansı söz var idi?

O, həmişə məhəbbətə və qohumluq əlaqələrinin qorunmasına xüsusi diqqət yetirirdi. Ailənin hər bir üzvünün həyatı müxtəlif istiqamətlərə getsə belə, ailənin birlikdə qalmasının vacibliyini vurğulayırdı. Onun əsas qayğılarından biri hamının halından xəbərdar olmaq və heç kimin özünü tənha və ya unudulmuş hiss etməsinə imkan verməmək idi. Onun bizimlə söhbətləri həmişə böyük və ya fəlsəfi mövzularla bağlı olmurdu. Bəzən onun dediyi çox sadə bir cümlə çox böyük məna daşıyırdı: “Bir-birinizin qayğısına qalın.” Düşünürəm ki, bu ifadə onun qardaş kimi şəxsiyyətinin bir çox xüsusiyyətlərini özündə cəmləşdirir. O istəyirdi ki, ailə yenə də ailə olaraq qalsın və qardaşlar bir-birinə dayaq olsunlar.

8. Hansı sözü və ya məclisi yaddaşınızda həkk olunub? Bayram və əlamətdar günlərdə sizinlə əlaqəsi necə olurdu?

Elə çoxlu məclislər var ki, onları bir söhbət çərçivəsində ümumiləşdirmək mümkün deyil. Lakin onun bizimlə əlaqəsinin əsas xüsusiyyəti bu idi ki, bütün məşğuliyyətlərinə baxmayaraq, ailə ilə əlaqəsinin kəsilməməsinə çalışırdı. Bayram və əlamətdar günlərdə hamının halını soruşardı: Kimin vəziyyəti yaxşıdır? Kimin nəyəsə ehtiyacı var? Uşaqlar necədir? Ailənin vəziyyəti necədir? Bu əlaqələrin dəyəri yalnız sözlərdə deyildi. Əsas məsələ onda idi ki, o, sizi xatırlayırdı və üzərinə düşən bütün məsuliyyətlərə baxmayaraq, siz onun düşüncəsində idiniz. Bəlkə də bu təfərrüatlar sadə görünür, lakin o getdikdən sonra bizim ən qiymətli sərvətimizə çevrilib.

9. Zəhmət olmasa Seyid Həsən Nəsrullah ilə son görüşlərinizdən və söhbətlərinizdən bir qədər danışasınız, həmin görüşlərdə diqqətinizi çəkən nə olurdu?

Son görüşlər əvvəlki bütün görüşlərdən fərqli idi. Ona görə yox ki, bunların son görüşlər olduğunu bilirdik. Əksinə, bu gün onlara fərqli nəzərlə baxdığımız üçün. Həmin vaxt bilmirdik ki, son təfərrüatları, son məclisi, son baxışı, son söhbəti və bəlkə də son adi sözü yaşayırıq. Ayrılığın ən çətin tərəfi də budur: İnsan hazırda yaşadığı anın müəyyən müddətdən sonra onun üçün ən qiymətli xatirəyə çevriləcəyini bilmir.

Son görüşlərdən yaddaşımda qalan yalnız deyilən sözlər deyil, onun sakitliyi, danışıq tərzi, ailəyə diqqəti və həmçinin bütün üzərinə düşən məsuliyyətlərə baxmayaraq, qarşımdakı insanın uşaqlıqdan tanıdığım qardaşım olması hissidir.
 

10. Heç sizə ölüm, ayrılıq və ya şəhadət barədə yaddaşınızda qalan hər hansı bir söz deyibmi?

Ölüm və şəhadət onun şüurunun və imanının bir hissəsi idi və o, bunlara insanın naməlum qarşısında keçirdiyi qorxu ilə yanaşmırdı. Əksinə, onlarla dərin iman və əminliklə qarşılaşırdı. Lakin qardaş kimi onun dilindən ölüm və ya ayrılıq barədə sözlər eşidəndə, həmin sözlər daxilində fərqli bir iz buraxır. Bəlkə də həmin anda sözlərin bütün mənasını dərk etmirsən, lakin o getdikdən sonra həmin sözlərə qayıdır və onları yaddaşında başqa bir baxışla yenidən nəzərdən keçirirsən. Bu gün onun ölüm və şəhadət barədə bəzi sözlərini düşündükdə hiss edirəm ki, inandığı dəyərlər uğrunda həyatını fəda etməyə hazır olan bir insanla qarşı-qarşıya imişəm. Lakin bu, bir ailə olaraq ayrılığı bizim üçün asanlaşdırmır. Biz onun inandığı dəyərlərə inanır və bununla fəxr edirik, eyni zamanda insanıq, qardaşımız üçün darıxırıq və onunla görüşməyə həsrətik.

11. O şəhid olduqdan sonra siz şəxsən dəyişmisinizmi? Bu çətin şəraitdə əvvəlcə ananızın, sonra Seyid Həsən Nəsrullahın və daha sonra atanızın vəfatından sonra bu gün özünüzü necə hiss edirsiniz?

Bəli, biz dəyişmişik. Bəzi insanlar dünyadan köçəndə yalnız öz varlıqlarını aparmırlar, həm də əvvəlki həyat tərzimizin bir hissəsini özləri ilə birlikdə aparırlar. Ananın vəfatı heç bir şeylə müqayisə olunmayacaq bir itki idi. Sonra Seyid Həsənin yoxluğu və daha sonra onun ardınca atamız dünyadan köçdü. Beləliklə, çox qısa müddət ərzində və son dərəcə çətin bir dövrdə özümüzü bir-birinin ardınca yaranan boşluqlarla üz-üzə qalmış vəziyyətdə gördük. Ana ailənin qucağı, ata onun sütunu, Seyid Həsən isə həmin evin qardaşı, dayağı və davamçısı idi. Onların hamısının vəfatı ilə hiss edirik ki, həyatımızın bütöv bir mərhələsinin dayaqlarını itirmişik. Lakin Seyid Həsəndən öyrəndik ki, insanın dəyəri yalnız onun ömrünün uzunluğu ilə ölçülmür, onun özündən sonra qoyub getdiyi izlə ölçülür. Bu gün valideynlərimizin bizə miras qoyduğu məhəbbət və bağlılığı qoruyub saxlamağa və Seyid Həsənin həmişə bizdən istədiyi kimi, bir-birimizə yaxın olmağa çalışırıq. Biz onun üçün darıxırıq, bəli, onun üçün göz yaşı tökür və ona həsrətik, lakin onun bizdə qoyub getdiyi yeganə izin qəm və kədər olmasını istəmirik.

İstəyirik ki, onun xatirəsi bizdə əxlaq, məhəbbət və qohumluq əlaqələrinin qorunması kimi yaşasın və onun obrazı yaddaşımızda onu tanıdığımız kimi qalsın: bir qardaş, bir övlad və bütün dünya onu tanımazdan əvvəl ailəsinin arasında yaşayan bir insan.

Bəlkə də bütün bu ayrılıqlardan sonra deyə biləcəyimiz ən gözəl söz budur: Seyid Həsən Nəsrullah gözlərimizdən uzaq düşdü, lakin nə evlərimizdən, nə yaddaşımızdan, nə də qəlblərimizdən getdi.

Ailə xatirələrindən ayrılıq günlərinə qədər: Şəhid Seyid Həsən Nəsrullahın həyatına qardaşının dilindən baxış

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha